Nakam ömrünü yalnız Allah sevgisini qazanmağa sərf edən əziz müəllimim, dostum Nəzakət Məmmədlinin əziz xatirəsinə ithaf olunur…
Füzuli ilə könlünə ilk eşq qığılcımı düşmüş, Əttar hikmətiylə müdrikləşmiş, Nigarinin təlatümlərində alışmış, Mövlananın sükunətində kül olmuş aşiqi-şeyda… Füzuli ilə başlayıb Mövlana ilə tamamlanan bir ömür, mübtədası eşq, xəbəri eşq… Fikri-zikri, əməli-amalı bu qocaman pirlərin “daməni-təharəti”ndə bulunaraq Həqiqi Sevgiliyə yol tapmaq olan bir talib…
Can verüb, Seyyid Nigari, yarə irməkdir murad
Aləmi-mehrü məlahətdən bu sövdadır qərəz.
Elmi, helmi, əxlaqı, mənəviyyatı ilə nümunə bir şəxsiyyət idi Nəzakət Məmmədli. On ildən artıq müddətdə tanış olsaq da son iki ildə mənə onunla çiyin-çiyinə çalışmaq şərəfi müyəssər oldu. Xəzər Universiteti nəzdində Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunda birlikdə böyük arzuların təməlini atmışdıq. Bir il ərzində iki böyük elmi tədbir – Beynəlxalq Füzuli simpoziumu və IX Beynəlxalq Rumi Konqresini həyata keçirmişdik, onlarla səmimi dostlar, insanlar, alimlər qazanmışdıq. Vəfat xəbəri yayılınca Kiprdə prof.Qədir Golkarian, Hindistanda prof.Rekibuddin Əhməd, Pakistanda prof.Əli Kumeyl, Özbəkistanda prof.Nargiza Şoəliyeva, Qazaxıstanda prof.Zübeydə Şadkam, Türkiyədə dr.İlahə Kurşun, prof.Ali Temizel, prof. Nimet Yıldırım, Musa Serdar Çələbi, dr.Naci Bakırcı və dünyanın digər ölkələrində olan dostları sarsıldılar, göz yaşı tökdülər. Bu qədər insanın sevgisini qazanmaq üçün nə etmişdi axı, Nəzakət Məmmədli, deyə düşünərkən özünün orijinaldan tərcümə etdiyi “Məsnəvi”dən bu beyt xatirimə gəldi:
Hər məclisdə gözü qan-yaş olmuşam,
Qəmli, şad – hər kəsə yoldaş olmuşam…
Elmi məclislərdə hatifi-qeyb ədası ilə söylədiyi şeirlər onu adilikdən çıxarıb ucaldır, “Ey Füzuli, ey Nigari” sədaları salonları titrədirdi… Şeirlə, ədəbiyyatla əlaqədar olmayan dinləyicilər belə farsca söylədiyi beytlərdən riqqətə gəlirdi.
Mehriban, gülərüz, qəlbinə dəyənlərə belə təbəssümlə qarşılıq verən, comərd bir insan idi. Ağrıları artdıqca orijinaldan tərcümə etdiyi “Məsnəvi”nin dərdinə düşür, sakitləşdirici içib onu tamamlamağa, böyük şeyxin qarşısında borclu qalmamağa çalışırdı. Allaha və onun dostlarına olan sevgisi zahirinə də xüsusi bir nəqş çəkmişdi, imansız biri ilə otursa imana gətirər, rəhmsiz birinə dillənsə ürəyinə mərhəmət səpərdi:
Görüb rüxsarin ey büt, həmdilillah gəldim imanə,
Yəqin etdim həmin bais odur dini-müsəlmanə…
Comərdliyini sözgəlişi vurğulamadım, Hatəm Tai kimi əliaçıq, qonaqpərvər, səxavətli idi. Əlindəki loxmasını istəsən tərəddüd etmədən verəcək ürəyi vardı. Sonuncu tədbirimizin gedişində mənə zəng edib dedi: “Fəridə, mehmanxanaya zəng et, söylə qonaqlarımıza günorta və axşam yeməyi verilsin, mən ödəyəcəm. Qəribdirlər, amandır, birdən qıymaz, ac qalarlar, bizə yaraşmaz, Mövlananın adına yaraşmaz”.
Dəfələrlə vəzifə təklif olunmuş, kəsdiyi duz-çörəyi tapdalayıb kiminsə yerinə keçməyi əsla özünə yaraşdırmamışdı. Dostların təkidinə isə:
Neylərəm dünyanı, neylərəm malı
Neylərəm kəşmiri, neylərəm şalı…”
- deyə cavab verirdi. Çünki o, mənəvi-əxlaqi irsimizin tədqiqinə öz mənəvi təkamülü kimi baxır, əsla kimsədən bir şey ummurdu, umduqlarını sahiblərindən alırdı.
Nəzakət Məmmədli 1997-ci ildə “Füzulinin “Leyli və Məcnun” əsərində təsəvvüf və onun bədii ifadə sistemi” adlı tədqiqatı ilə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2023-cü ildə isə “Fəridəddin Əttar və Azərbaycan ədəbiyyatı” mövzusunda elmlər doktorluğu dissertasiyasını müdafiə etmişdir. Alimin respublikada və ölkə xaricində nəşr olunmuş 145 elmi məqaləsi, 5 monoqrafiya, 9 tərcümə, transfonoliterasiya etdiyi kitabı vardır. Tədqiq sahələri təsəvvüf ədəbiyyatı, klassik divan şeiri, türk ədəbiyyatı, türk xalqları ədəbiyyatı, fars ədəbiyyatı, əski əlyazmalar idi.
Vaxtsız vəfatı ilə dostlarının həyatında dərin bir boşluq yaradan alimin əsərləri onun dünyadakı missiyasını davam etdirəcəkdir.
Yolumu işıqlandıran, ürəyimdəki atəşi alovlandıran, xatirimdə “bir xoş səda” kimi baqi qalacaq əziz insan, sizi o Həqiqi Sevgiliyə əmanət edirəm…
Fəridə Seyidova
“Yada düşdü” jurnalının 2025-ci il 1-ci sayında yayınlanmış məqalə