Ana səhifə / Xəbər və elanlar / “Xaqani Şirvani 900 – Sələflər və xələflər: Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda Respublika Elmi Konfransı

“Xaqani Şirvani 900 – Sələflər və xələflər: Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda Respublika Elmi Konfransı

15 mart 2026

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Xəzər Universiteti Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi Xaqani Şirvaninin anadan olmasının 900 illiyinə həsr edilmiş “Xaqani Şirvani 900 – Sələflər və xələflər: Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda Respublika Elmi Konfransı keçiriləcəkdir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 yanvar 2026-cı il tarixində dahi Azərbaycan şairi Xaqani Şirvaninin anadan olmasının 900 illiyinin qeyd olunması haqqında Sərəncam imzalamışdır. Bu Sərəncam Xaqani Şirvani irsinin milli-mədəni yaddaşımızdakı yerini bir daha təsdiq etməklə yanaşı, onun zəngin ədəbi-fəlsəfi irsinin daha geniş miqyasda öyrənilməsi və beynəlxalq elmi ictimaiyyətə təqdim olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Xaqani Şirvani XII əsr Azərbaycan və ümumən Şərq ədəbi fikrinin ən qüdrətli nümayəndələrindən biridir. Onun qəsidələri, qəzəlləri və xüsusilə “Töhfətül-İraqeyn” əsəri poetik sənətkarlıqla fəlsəfi-idraki dərinliyin vəhdətini nümayiş etdirən nadir ədəbi nümunələrdir. Xaqani yaradıcılığı yalnız yüksək bədii-estetik keyfiyyətləri ilə deyil, həm də zəngin ictimai-mədəni məzmunu, intellektual tutumu və irfani qatları ilə seçilir.
Şairin poetik irsi mürəkkəb obrazlar sistemi, dərin metaforika, zəngin simvolika və klassik Şərq elmi-fəlsəfi ənənəsi ilə sıx bağlılığı ilə fərqlənir. Onun yaradıcılığı dövrünün ictimai-siyasi mühitini, mənəvi axtarışlarını və mədəni-intellektual panoramasını əks etdirən qiymətli qaynaq olmaqla yanaşı, sonrakı əsrlərdə Şərq ədəbi mühitinə güclü təsir göstərmişdir.
Əsrlər keçsə də, Xaqani poeziyası öz aktuallığını və estetik cazibəsini qoruyub saxlamışdır. Onun söz dünyası yalnız ədəbi irs deyil, həm də yüksək mənəvi dəyərlərin, idrak və kamillik axtarışının poetik ifadəsidir. Bu baxımdan Xaqani irsinin müasir elmi kontekstdə araşdırılması, mətnşünaslıq, ədəbi-nəzəri və fəlsəfi aspektlərdən yenidən dəyərləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Dünya miqyasında mənəvi dəyərlərin sarsıldığı, müharibə və qarşıdurmaların artdığı bir dövrdə klassik irsimizə qayıdış, xüsusilə Xaqani kimi mütəfəkkir şairlərin irsinin öyrənilməsi və təbliği bəşəri dəyərlərin, humanizm və ədalət ideallarının möhkəmləndirilməsi baxımından olduqca vacibdir.
Xaqani Şirvani Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi ən qiymətli söz sərvətlərindəndir. Onun zəngin ədəbi-fəlsəfi irsi milli kimliyimizin, mədəni yaddaşımızın və ədəbi təfəkkürümüzün mühüm dayaqlarından biri kimi daim yaşayacaq və yeni nəsillərə yol göstərəcəkdir.


Konfransda aşağıdakı bölmələr üzrə məruzələrin dinlənilməsi nəzərdə tutulur:

Konfransın mövzuları

Xaqani irsi ilə bağlı digər aktual mövzularda təqdim olunmuş tezislər də təşkilat komitəsi tərəfindən dəyərləndiriləcəkdir.

Tezislərin qəbuluna dair tələblər:

• Tezislər Azərbaycan və ya ingilis dilində yazılmalıdır.
• Tezislərin mətni A4 formatda, 14 ölçülü hərflərlə, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə, 1 intervalla, “Times New Roman” şriftində aşağıdakı elektron ünvana göndərilməlidir: xaqanishirvani900@gmail.com
• Tezisin adından sonra müəllifin adı, soyadı, işlədiyi müəssisə, tutduğu vəzifə, elmi dərəcəsi (olduğu təqdirdə) və mail ünvanı göstərilməlidir.
• Tezisin həcmi 250-300 söz olmalıdır.

Məruzələrin tam mətni üçün tələblər:


Önəmli tarixlər:
Tezislərin qəbulunun son tarixi: 01.04.2026
Qəbul olunan tezislərin elanı: 21.04.2026
Məqalələrin tam mətninin qəbulu: 08.05.2026
Simpoziumun keçiriləcəyi tarix: 08.06.2026
Əlaqə telefonu: +994 50 541 78 84, +994 50 48000269
E-mail: xaqanishirvani900@gmail.com