Ana səhifə / Xəbər və elanlar / ELAN: I BEYNƏLXALQ “TÜRK DÜNYASININ MƏNƏVİ DƏYƏRLƏRİ: SEYİD YƏHYA BAKUVİ” KONFRANSI

ELAN: I BEYNƏLXALQ “TÜRK DÜNYASININ MƏNƏVİ DƏYƏRLƏRİ: SEYİD YƏHYA BAKUVİ” KONFRANSI

19 oktyabr 2026

Hörmətli tədqiqatçılar!

Sizi 20 noyabr 2026-cı il tarixində Xəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun təşkilatçılığı, Azərbaycan, Türkiyə, Bolqarıstan, Özbəkistan, İngiltərə, Mərakeş və digər ölkələrin tərəfdaş qurumlarının dəstəyi ilə keçiriləcək I BEYNƏLXALQ “TÜRK DÜNYASININ MƏNƏVİ DƏYƏRLƏRİ: SEYİD YƏHYA BAKUVİ” konfransına dəvət edirik. XV əsr Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuvinin irsinə həsr edilən konfransın əsas məqsədi onun fəlsəfi və irfani irsinin daha geniş elmi müstəvidə araşdırılması, türk dünyasının mənəvi-mədəni əlaqələrinin öyrənilməsi və ortaq irsin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verməkdir. Təşəbbüsün gələcəkdə türk coğrafiyasının mənəvi irsinin formalaşmasında mühüm rol oynamış şəxsiyyətlərə həsr olunan silsilə beynəlxalq konfranslar şəklində davam etdirilməsi nəzərdə tutulur.

2013-cü ildə UNESCO-nun 37-ci Baş Konfransının qərarı ilə Seyid Yəhya Bakuvinin vəfatının 550 illiyi beynəlxalq səviyyədə qeyd edilib. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Bakıda, Fransa və Türkiyədə beynəlxalq tədbirlər keçirilib, mütəfəkkirin fars dilində yazdığı əsərlər Azərbaycan türkcəsinə tərcümə olunaraq geniş oxucu auditoriyasına təqdim edilib. Nəzərdə tutulan konfrans bu fəaliyyətlərin davamı olmaqla yanaşı, Bakuvi irsini türk dünyasının mənəvi inteqrasiyası və ortaq mədəni yaddaşı kontekstində daha geniş şəkildə araşdırmağı hədəfləyir.

Konfrans çərçivəsində Seyid Yəhya Bakuvinin fəlsəfi təlimi, humanizm və tolerantlıq anlayışları, Əhməd Yəsəvidən Bakuviyə uzanan təsəvvüf ənənəsi, Xəlvətiyyə ideologiyasının ortaq türk kimliyinin formalaşmasındakı rolu, Bakuvi xəlifələrinin Osmanlı mədəniyyət mühitinə təsiri, eləcə də Xəlvətilik ənənəsinin klassik ədəbiyyat, dil və incəsənətdə izləri müzakirə olunacaq. Proqramda həmçinin Bakuvi irsinin UNESCO və beynəlxalq elmi mühitdə tanıdılması məsələlərinə diqqət yetiriləcək.

Konfransda iştirak etmək istəyənlər 300-350 sözlük xülasələrini “Bakuvi konfransi” başlığı ilə bu mailə göndərə bilərlər: mefam@khazar.org

Konfransın mövzuları

Təşkilatçı qurumlar

Xəzər Universiteti

AMEA Fəlsəfə və Sosiologiya İnstitutu

Önəmli tarixlər

Tezislərin son göndərilmə tarixi: 30 oktyabr 2026

Qəbul edilmiş tezislərin elanı: 5 noyabr 2026

Simpoziumun tarixi: 20 noyabr 2026

Simpoziumun keçiriləcəyi vaxt və məkan

20 noyabr saat 11:00

Xəzər Universiteti (Məhsəti küç.41, Mərmər zal)

Tərəfdaş qurumlar

Miras İctimai Birliyi / Azərbaycan

Kafkas Universiteti Ebülhasan Harakani Araştırma ve Uygulama Merkezi / Türkiyə

Turan Elmi Araşdırmalar Mərkəzi / Özbəkistan

Royal Society of Arts / İngiltərə

Bolqarıstan Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutu / Bolqarıstan

International Academic Center for Strategic Studies / Mərakeş

İştirak və müraciət şərtləri

Dil: Azərbaycan dili, Türk dili və türk ləhcələri, İngilis dili, Rus dili

Müəllif haqqında məlumatları ehtiva edən 300-500 sözlük özət.

Format: Simpozium həm əyani (üz-üzə), həm də onlayn olmaqla HİBRİD üsulla keçiriləcəkdir.

Əlaqə: mefam@khazar.org