Skip to content

MƏFAİ

Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu

  • Ana səhifə
  • İnstitut haqqında
    • Əsas fəaliyyət istiqamətləri
    • İşçi heyət
    • Fəxri professorlar
  • Elmi nəticələr
  • Xəbər və elanlar
  • Bizimlə əlaqə
  • Toggle search form

Kiprdə X Beynəlxalq Rumi konfransı keçirildi

Posted on Dekabr 8, 2025Dekabr 9, 2025 By farida Şərh yoxdur Kiprdə X Beynəlxalq Rumi konfransı keçirildi

3-5 dekabr tarixlərində Lefkoşada Yaxın Şərq Universiteti Rumi Araşdırmaları Mərkəzinin və Xəzər Universiteti nəzdində fəaliyyət göstərən Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə 10-cu Beynəlxalq Rumi Konfransı keçirilib. Ənənəvi xarakter daşıyan bu konfransın ötən ilki toplantısı Bakıda Xəzər Universitetinin ev sahibliyi ilə keçirilmişdi. 2023-cü ildə iki universitet arasında imzalanmış əməkdaşlıq memorandumu əsasında builki konfransın növbəti təşkilatçısı Yaxın Şərq Universiteti olmuş və tədbirin Kiprdə keçirilməsi təmin edilmişdir.

“Mövlana baxış bucağından sülh və uzlaşma” mövzusuna həsr olunan beynəlxalq elmi toplantıya 12 ölkədən alim və tədqiqatçılar qatılıblar. Açılış mərasimində Yaxın Şərq Universiteti Rumi Araşdırmaları Mərkəzinin rəhbəri prof.Qədir Golkarian çıxış edərək konfransın artıq ardıcıl şəkildə davam edən elmi və mənəvi bir ənənəyə çevrildiyini, Mövlana irsinin çağdaş dünyada dialoq, anlayış və mənəvi dirçəliş üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri prof.Hamlet İsaxanlının konfrans üçün göndərdiyi müraciət Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun koordinatoru dr.Fəridə Seyidova tərəfindən təqdim olunub. İsaxanlı mesajında Rumi konfranslarının yalnız elmi diskurs deyil, həm də mənəvi platforma yaratdığını, imzalanmış memorandumun tərəflər arasında möhkəm elmi-mədəni tərəfdaşlığın əsasını qoyduğunu bildirib. O, həmçinin mərhum şərqşünas Nəzakət Məmmədlinin bu əməkdaşlığın formalaşmasındakı rolunu xüsusi qeyd edib və müasir dünyanın qeyri-sabitlik şəraitində Mövlana təliminin – sevgi, mərhəmət və mənəvi kamillik ideyalarının – aktuallığını önə çəkib. Yaxın Şərq Universitetinin prorektoru prof.Mustafa Kurt çıxışında universitetin təsəvvüf araşdırmalarına dəstəyini vurğulayıb və tədbirin müxtəlif ölkələrdən gəlmiş alimləri ortaq elmi və mənəvi platformada birləşdirdiyini qeyd edib. Lefkoşa şəhər bələdiyyəsinin sədri Mehmet Harmancı isə belə bir beynəlxalq tədbirə ev sahibliyi etməyin şəhərin mədəni həyatına verdiyi töhfələrdən danışıb.

Açılış panelində prof.Adnan Karaismailoğlu, prof.Nuri Şimşəklər, prof.Nimet Yıldırım və Mövlananın 22-ci nəsildən olan varisi dr.Esin Çələbi Mövlana irsinin tarixi inkişafı, poetik sistemi, mənəvi psixologiyası və qlobal sufi ənənələrə təsiri barədə məruzələrlə çıxış ediblər. Daha sonra keçirilən “İrfani və sufi musiqisi” proqramında Arəş Qaseminin rəhbərliyi ilə İranlı musiqiçilər – Hamid Xazai, Emran Foruzəş, Səid Mirzəhüseyni və Milad Bayat – Mövlana yaradıcılığından ilhamlanan klassik irfani melodiyalar səsləndiriblər.

Konfransın birinci günü iki elmi sessiya ilə davam edib. Prof.Nuri Şimşəklərin rəhbərlik etdiyi ilk sessiyada prof.Esra Karabacak Ruminin metaforalarında sülh konsepsiyasını, prof.Xuraman Hümmətova Şeyx Qalib divanında Mövlana təsirini, dr.Muharrem Sayğın “Məsnəvi” və Əlişir Nəvai divanlarında dini metaforaların işlənməsini, dr.Şahənə Şahbazova Mövlananın ərəb şeirlərinin tematik və struktur xüsusiyyətlərini, prof.Əsmətxanım Məmmədova isə eliziya hadisəsinin poetik-fonetik çalarlarını təhlil edib. Prof.Adnan Karaismailoğlunun rəhbərlik etdiyi ikinci sessiyada dos.Şəbnəm Golkarian Mövlana yaradıcılığının memarlıqda inikası, dos.Xatirə Yusifova daxili hüzurdan ictimai barışa keçid modelini, dr.Rəşad Həsənov Mövlana və Nəsimidə “məstlik” anlayışının poetik mahiyyətini, prof.Lütfiyyə Əsgərzadə Ruminin Azərbaycan poeziyasına təsirini, Fidan Nəsirova nəfslə mübarizədə mənəvi qələbə ideyasını, dr.Fəridə Seyidova isə Gülşəninin Mövlanaya həsr etdiyti farsca divanının strukturu və poetikasını təqdim edib.

Günün sonunda Lefkoşa Bələdiyyəsinin təşkil etdiyi rəsmi ziyafət və AKKM-də İranın “Fəravaz” irfani musiqi qrupunun konserti keçirilib. Qrupun ifası Mövlana musiqi irsinin çağdaş üslubda təqdim olunmasına nümunə kimi böyük maraqla qarşılanıb.

Konfransın ikinci günü prof.Slobodan İliçin rəhbərlik etdiyi üçüncü sessiya ilə başlayıb. Sessiyada dr.Neil Watson Mövlananın və İsa peyğəmbərin təlimlərindəki mistik paralellərdən söz açıb. Yazıçı Bahman Şokouhi sufi düşüncəsi əsasında qurulan daxili dialoq mövzusunda məruzə edib. Dos.Nargiza Şoaliyeva Ruminin Özbək ədəbiyyatına təsirini, Xəzər Universitetinin əməkdaşı misirli alim Əhməd Sami Elyadi isə Mövlananın ərəb mədəni mühitinə təsirini araşdırıb. Ardınca prof.Esra Karabacakın rəhbərlik etdiyi dördüncü sessiyada dos.Zöhrə Əliyeva Mövlana və Yunqun arxetiplərini, Məryəm Karaaziz və Emel Sunar Rumidə psixoloji böhranların çözümü ilə bağlı yanaşmaları, Məryəm Karaaziz və Sümeyra Yakar isə Jung və Mövlana paralellərində mənliyin inkişaf yolunu şərh ediblər. Dos.Aytac Zeynalova isə Mövlana ideyalarının sevgi və birlik fəlsəfəsi baxımından mənəvi-coğrafi xarakterini təqdim edib. Konfransın ikinci günü yekun müzakirə və bağlanış sessiyası ilə davam edib. Prof.Qədir Golkarianın moderatorluğu ilə prof.Nimet Yıldırım və prof.Əsmətxanım Məmmədova konfrans çərçivəsində aparılan elmi müzakirələri ümumiləşdirərək Rumi araşdırmalarının gələcək istiqamətləri barədə təkliflərini səsləndiriblər. Axşam saatlarında isə Kipr Türk Ticarət Palatasının təşkil etdiyi rəsmi ziyafət baş tutub. Tədbir Girne şəhərinə təşkil olunmuş mədəni ekskursiya ilə başa çatıb.

10-cu Beynəlxalq Rumi Konfransı Mövlana Cəlaləddin Ruminin irsinin müasir elmi kontekstlərdə yenidən dəyərləndirilməsinə, təsəvvüf, ədəbiyyat və fəlsəfə sahələri arasında əlaqələrin dərinləşməsinə, eləcə də müxtəlif ölkələrdən olan alimlər arasında mənəvi-intellektual körpülərin qurulmasına mühüm töhfə verən nüfuzlu beynəlxalq platforma kimi yadda qalıb.

 

Fəaliyyətimiz

Yazı naviqasiyası

Previous Post: Xəzər Universitetinin birgə təşkilatçılığı ilə Kiprdə 10-cu Beynəlxalq Rumi Konqresi keçiriləcək
Next Post: Xəzər Universitetinin Mövlana İnstitutu ilə Qars Kafkas Universitetinin Harakani İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.

More Related Articles

I BEYNƏLXALQ TÜRK DÜNYASINDA MƏDƏNİYYƏT VƏ DƏYƏRLƏRİN İZLƏRİ SİMPOZİUMU Fəaliyyətimiz
IX Beynəlxalq Rumi Simpoziumu keçiriləcək Fəaliyyətimiz
Xəzər Universitetinin birgə təşkilatçılığı ilə Kiprdə 10-cu Beynəlxalq Rumi Konqresi keçiriləcək Fəaliyyətimiz
Xəzər Universitetində IX Beynəlxalq Rumi Simpoziumu keçirildi Fəaliyyətimiz
“Mövlananın Fəlsəfəsi və Poeziyası” adlı beynəlxalq konfrans keçirildi Fəaliyyətimiz
IX Rumi Simpoziumunun əcnəbi məruzəçiləri Gəncliyə Yardım Fondunun qonağı olub Fəaliyyətimiz

Arxiv

  • Avqust 2026
  • İyul 2026
  • Aprel 2026
  • Mart 2026
  • Dekabr 2025
  • Noyabr 2025
  • Dekabr 2024
  • Noyabr 2024
  • Oktyabr 2024
  • Sentyabr 2024

Menyu

  • Fəaliyyətimiz