Hörmətli tədqiqatçılar!
Sizi 20 noyabr 2026-cı il tarixində Xəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun təşkilatçılığı, Azərbaycan, Türkiyə, Bolqarıstan, Özbəkistan, İngiltərə, Mərakeş və digər ölkələrin tərəfdaş qurumlarının dəstəyi ilə keçiriləcək I BEYNƏLXALQ “TÜRK DÜNYASININ MƏNƏVİ DƏYƏRLƏRİ: SEYİD YƏHYA BAKUVİ” konfransına dəvət edirik. XV əsr Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuvinin irsinə həsr edilən konfransın əsas məqsədi onun fəlsəfi və irfani irsinin daha geniş elmi müstəvidə araşdırılması, türk dünyasının mənəvi-mədəni əlaqələrinin öyrənilməsi və ortaq irsin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verməkdir. Təşəbbüsün gələcəkdə türk coğrafiyasının mənəvi irsinin formalaşmasında mühüm rol oynamış şəxsiyyətlərə həsr olunan silsilə beynəlxalq konfranslar şəklində davam etdirilməsi nəzərdə tutulur.
2013-cü ildə UNESCO-nun 37-ci Baş Konfransının qərarı ilə Seyid Yəhya Bakuvinin vəfatının 550 illiyi beynəlxalq səviyyədə qeyd edilib. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Bakıda, Fransa və Türkiyədə beynəlxalq tədbirlər keçirilib, mütəfəkkirin fars dilində yazdığı əsərlər Azərbaycan türkcəsinə tərcümə olunaraq geniş oxucu auditoriyasına təqdim edilib. Nəzərdə tutulan konfrans bu fəaliyyətlərin davamı olmaqla yanaşı, Bakuvi irsini türk dünyasının mənəvi inteqrasiyası və ortaq mədəni yaddaşı kontekstində daha geniş şəkildə araşdırmağı hədəfləyir.
Konfrans çərçivəsində Seyid Yəhya Bakuvinin fəlsəfi təlimi, humanizm və tolerantlıq anlayışları, Əhməd Yəsəvidən Bakuviyə uzanan təsəvvüf ənənəsi, Xəlvətiyyə ideologiyasının ortaq türk kimliyinin formalaşmasındakı rolu, Bakuvi xəlifələrinin Osmanlı mədəniyyət mühitinə təsiri, eləcə də Xəlvətilik ənənəsinin klassik ədəbiyyat, dil və incəsənətdə izləri müzakirə olunacaq. Proqramda həmçinin Bakuvi irsinin UNESCO və beynəlxalq elmi mühitdə tanıdılması məsələlərinə diqqət yetiriləcək.
Konfransda iştirak etmək istəyənlər 300-350 sözlük xülasələrini “Bakuvi konfransi” başlığı ilə bu mailə göndərə bilərlər: mefam@khazar.org
Konfransın mövzuları
- Seyid Yəhya Bakuvi irsi və türk dünyasının mənəvi inteqrasiyası
- Əhməd Yəsəvidən Seyid Yəhya Bakuviyə: Türk təsəvvüf düşüncəsində varislik və orijinal məktəbləşmə prosesi
- Seyid Yəhya xəlifələrinin Osmanlı mədəniyyət mühitinin formalaşmasında iştirakı
- Ortaq türk kimliyinin inşasında təsəvvüfün rolu: Xəlvətiyyə ideologiyası nümunəsində
- Seyid Yəhya Bakuvinin fəlsəfi təlimi, humanizm və tolerantlıq
- Multikultural dəyərlər kontekstində Bakuvinin irfan anlayışı
- Xəlvəti ədibləri və klassik türk ədəbiyyatı: şeir, fəlsəfi risalələr və tərcümə ənənəsi
- Seyid Yəhya əş-Şirvani əsərlərinin dil-üslub xüsusiyyətləri
- UNESCO və Beynəlxalq Müstəvidə Bakuvi irsinin tanıdılması: 2013-cü il təcrübəsindən gələcək hədəflərə
Təşkilatçı qurumlar
Xəzər Universiteti
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu
Önəmli tarixlər
Tezislərin son göndərilmə tarixi: 30 oktyabr 2026
Qəbul edilmiş tezislərin elanı: 5 noyabr 2026
Simpoziumun tarixi: 20 noyabr 2026
Simpoziumun keçiriləcəyi vaxt və məkan
20 noyabr saat 11:00
Xəzər Universiteti (Məhsəti küç.41, Mərmər zal)
Tərəfdaş qurumlar
Miras İctimai Birliyi / Azərbaycan
Kafkas Universiteti Ebülhasan Harakani Araştırma ve Uygulama Merkezi / Türkiyə
Turan Elmi Araşdırmalar Mərkəzi / Özbəkistan
Royal Society of Arts / İngiltərə
Bolqarıstan Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutu / Bolqarıstan
International Academic Center for Strategic Studies / Mərakeş
İştirak və müraciət şərtləri
Dil: Azərbaycan dili, Türk dili və türk ləhcələri, İngilis dili, Rus dili
Müəllif haqqında məlumatları ehtiva edən 300-500 sözlük özət.
Format: Simpozium həm əyani (üz-üzə), həm də onlayn olmaqla HİBRİD üsulla keçiriləcəkdir.
Əlaqə: mefam@khazar.org
