Xəzər Universitetində dahi Azərbaycan şairi və mütəfəkkiri Əfzələddin Xaqani Şirvaninin anadan olmasının 900 illik yubileyinə həsr edilmiş “Xaqani Şirvani 900 – Sələflər və xələflər: orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda Respublika Elmi Konfransının materialları çap olunub. Xəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu ilə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun birgə təşkil etdiyi konfrans, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 yanvar 2026-cı il tarixli Sərəncamına uyğun olaraq, şairin zəngin ədəbi-fəlsəfi irsinin daha geniş miqyasda öyrənilməsi və elmi ictimaiyyətə təqdim olunması məqsədi daşıyırdı. Bu mühüm yubiley münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Xəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Xaqani Şirvani – 900: Sələflər və xələflər: Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda Respublika Elmi Konfransı klassik irsin araşdırılması istiqamətində mühüm elmi hadisəyə çevrilmişdir. Konfrans müxtəlif elmi istiqamətlərdə çalışan tədqiqatçıları bir araya gətirməklə Xaqani irsinin çoxşaxəli şəkildə öyrənilməsinə, yeni elmi yanaşmaların formalaşmasına və müasir xaqanişünaslığın inkişafına əhəmiyyətli töhfə vermişdir. Oxuculara təqdim olunan “Əlyazmalar yanmır” adlı elmi məqalələr toplusu həmin konfrans çərçivəsində təqdim edilmiş və nəşr üçün qəbul olunmuş elmi araşdırmaları özündə birləşdirir. Topluda Xaqani Şirvaninin həyat və yaradıcılığı, onun zəngin poetik irsi, fəlsəfi dünyagörüşü, mətnşünaslıq problemləri, əlyazmalarının öyrənilməsi, klassik mətnlərin müqayisəli təhlili, mənbəşünaslıq məsələləri, Şirvanşahlar dövrünün ictimai-siyasi və mədəni mühiti, həmçinin orta əsr Azərbaycan yazılı irsinin müxtəlif istiqamətləri üzrə aparılmış müasir tədqiqatlar yer almışdır. Konfransın elmi proqramı mətnşünaslıq, mənbəşünaslıq, tarixşünaslıq, ədəbiyyatşünaslıq, folklorşünaslıq, türkologiya, fəlsəfə və teologiya, mədəniyyətşünaslıq kimi humanitar elmlərin müxtəlif sahələrini əhatə etmişdir. Bu isə Xaqani irsinin yalnız filoloji baxımdan deyil, eyni zamanda tarixi, fəlsəfi, dini, mədəni və sivilizasiya kontekstində öyrənilməsinin vacibliyini bir daha göstərmişdir.
Toplunun pdf versiyasını bu linkdən əldə edə bilərsiniz: XAQANİ ŞİRVANİ-900 materiallar toplusu