2024-cü ilin 13-15 dekabr tarixlərində Xəzər Universiteti Mövlana Elmi-Tədqiqat İnstitutu və Kiprin Yaxın Şərq Universitetinin birgə əməkdaşlığı ilə keçirilmiş IX Beynəlxalq Rumi Konfransının məruzələr toplusu çap olunmuşdur. Toplu prof. Qədir Golkarian və Mövlana İnstitutunun elmi işçisi dr.Fəridə Seyidovanın əməyi nəticəsində ərsəyə gəlmişdir. Kitabda 30 məruzəçinin ingiliscə, türkcə, Azərbaycanca və farsca məqalələri yer almışdır. Kitab Mövlana İnstitutunun qurucu müdiri, bu konfransın keçirilməsində çox böyük əməyi olmuş mərhum prof.Nəzakət Məmmədlinin xatirəsinə ithaf olunmuş məqalə ilə başlayır, Kipr Universitetinin Yaxın Şərq Universitetində Rumi Araşdırmaları Mərkəzinin müdiri prof.Qədir Golkarianın, Xəzər Universitetinin təsisçisi, Direktorlar Və Qəyyumlar Şurasının sədri prof.Hamlet İsaxanlının, prof.Nəzakət Məmmədlinin, Yaxın Şərq Universitetinin Mütəvəlli Heyəti Başqanı prof.Evren Hıncalın açılış nitqləri ilə davam edir. Daha sonra Azərbaycan, Türkiyə, Kipr, Macarıstan, Hindistan, Pakistan, Amerika və İrandan olan konfrans iştirakçılarının məruzələri dərc olunmuşdur. Toplu Kiprdə çap olunaraq Xəzər Universitetinə çatdırılmış və buradan Azərbaycanlı məruzəçilərə təqdim olunmuşdur.